Yanaşma: hər kəsə eyni resept yoxdur
«Hər kəsə arıqlama iynəsi vururuq?» — Xeyr. Kökəlmənin yalnız nəticəsinə deyil, onun hormonal, metabolik və tibbi səbəblərinə baxılır. Mümkün olduqda məqsəd — ağır pəhriz və iynələr olmadan, səbəbi aradan qaldırmaqla sağlam arıqlamaqdır.
- Analizlərə əsaslanan qərar
- Sağlam və davamlı nəticə
- Tibbi nəzarət altında proses
Arıqlama sadəcə kilo atmaq deyil, həm də sağlamlığa doğru atılmış ən gözəl addımdır.
Bədən kütlə indeksinizi hesablayın
Bədən kütlə indeksi (BKİ) çəkinin boya nisbətini göstərir: çəki (kq) boyun kvadratına (m²) bölünür. Məsələn, 75 kq çəkisi və 1,70 m boyu olan insanda BKİ = 75 ÷ (1,70 × 1,70) ≈ 26.
| BKİ | Qiymətləndirmə |
|---|---|
| 18,5-dən az | Çəki çatışmazlığı |
| 18,5 – 24,9 | Normal çəki |
| 25 – 29,9 | Artıq çəki |
| 30 – 34,9 | I dərəcə piylənmə |
| 35 – 39,9 | II dərəcə piylənmə |
| 40 və yuxarı | III dərəcə piylənmə |
Bel çevrəsi də vacibdir
Bel çevrəsinin artması daxili orqanların ətrafında piy toplanmasının ilk siqnallarından biridir və sağlamlıq haqqında düşündüyünüzdən daha çox məlumat verir. Ümumdünya Səhiyyə Təşkilatının meyarlarına görə, bel çevrəsinin qadınlarda 80 sm-dən, kişilərdə 94 sm-dən çox olması metabolik riskin artdığını, qadınlarda 88 sm-dən, kişilərdə 102 sm-dən çox olması isə riskin əhəmiyyətli dərəcədə yüksək olduğunu göstərir.
Arıqlaya bilməməyin endokrin səbəbləri
- Hipotireoz (tənbəl zob) — mübadilə prosesləri ləngiyir, az yeyən insan da çəki yığa bilər.
- İnsulin direnci və gizli şəkər — pəhriz və idmana baxmayaraq çəkinin azalmamasının əsas səbəblərindəndir.
- Yumurtalıqların polikistoz sindromu — insulin direnci ilə sıx bağlıdır, menstrual pozğunluq və tüklənmə ilə müşayiət oluna bilər.
- Kortizol artıqlığı (Kuşinq sindromu) — daha çox qarın nahiyəsində piylənmə, üzün yuvarlaqlaşması, təzyiqin və şəkərin yüksəlməsi ilə özünü göstərir.
- Xroniki stress və yuxu azlığı — kortizolun yüksəlməsi, eləcə də aclıq və toxluq hisslərini tənzimləyən leptin və qrelin hormonlarının balansının pozulması arıqlamağı çətinləşdirir.
İnsulin direnci
İnsulin direncində hüceyrələr insulinə zəif cavab verir və mədəaltı vəz eyni işi görmək üçün daha çox insulin ifraz etməli olur. Nəticədə qanda insulin yüksəlir, enerji balansı və iştahın tənzimlənməsi pozulur. Vaxtında müalicə olunmadıqda insulin direnci gizli şəkərə, sonra isə şəkərli diabetə keçə bilər.
Hansı əlamətlər insulin direncindən xəbər verə bilər?
- Şirniyyata, unlu qidalara və gecə yeməyə güclü istək
- Şirin və qazlı içkilərə meyl
- Gün ərzində halsızlıq, yeməkdən sonra yuxululuq
- Vaxtında yata bilməmək, səhər çətin oyanmaq
- Qarın və bel nahiyəsində piylənmə, arıqlamağın çətinləşməsi
- Qadınlarda menstrual pozğunluq
Risk xüsusilə piylənmə və ailədə şəkərli diabet olduqda yüksəkdir. İnsulin direncini yoxlamaq üçün venadan acqarına qlükoza və insulin analizləri verilir. Müalicəyə qidalanmanın və həyat tərzinin dəyişdirilməsi, lazım olduqda isə dərmanlar daxildir — seçim analizlərin nəticələrinə görə edilir.
Arıqlama iynələri: möcüzə, yoxsa risk?
Son illərin ən çox danışılan mövzularından olan arıqlama iynələri bəzi insanlar üçün həqiqətən effektiv müalicədir. Lakin onları hər kəsə təyin etmək olmaz.
- Əvvəlcə həkim qəbulunda olmaq lazımdır: həkim sizi müəyyən analizlərə göndərəcək.
- Analizlərin nəticəsinə görə hansı preparatın uyğun olduğu, hansı dozada vurulmalı olduğu və yanaşı nələrin edilməli olduğu müəyyən edilir.
- İynələrin öz başına alınıb istifadə edilməsi ciddi əlavə təsirlərə səbəb ola bilər.
Arıqlama iynələrindən yalnız həkim təyinatı ilə və həkim nəzarəti altında istifadə edin. Əks halda arıqlamaq əvəzinə sağlamlığınızı itirə bilərsiniz.
Metabolizmanı ləngidən səhvlər
Yanlış pəhrizlər metabolizmanı zəiflədir, arıqlamağa mane olur və orqanizmin sonradan kilo almağa meylini artırır:
- Çox aşağı kalorili «şok» pəhrizlər — orqanizm bunu aclıq kimi qəbul edir və mübadiləni ləngidir;
- zülal qəbulunun azaldılması;
- hərəkətsiz həyat tərzi və nizamsız yuxu rejimi;
- şəkərli və qazlı içkilər;
- az su içmək.
Yüksək xolesterin
Yüksək xolesterin əksər hallarda heç bir əlamət vermir — çox insan bunu infarkt və ya insult kimi ağır fəsadlarla qarşılaşana qədər bilmir. Buna görə lipid profili vaxtaşırı yoxlanılmalıdır.
- Yağlı qidalar, fast food, piylənmə;
- hərəkətsizlik və siqaret;
- genetik meyl — ailəvi hiperxolesterinemiya;
- şəkərli diabet və hipotireoz kimi endokrin xəstəliklər.
Sual-cavab
Pəhriz saxlayıram, amma arıqlaya bilmirəm. Səbəb nə ola bilər?
Səbəb yanlış seçilmiş pəhriz ola bilər, lakin hipotireoz, insulin direnci, polikistoz yumurtalıq sindromu və kortizol pozğunluqları kimi endokrin səbəblər də arıqlamağı çətinləşdirir. Hormon analizləri ilə bu səbəbləri yoxlamaq lazımdır.
İnsulin direnci hansı analizlə yoxlanılır?
Adətən venadan acqarına qlükoza və insulin analizləri verilir; lazım olduqda HbA1c və şəkər yükləmə testi də təyin oluna bilər. Nəticələri həkim şikayətlərinizlə birlikdə dəyərləndirir.
Arıqlama iynəsi hər kəsə uyğundurmu?
Xeyr. İynənin uyğun olub-olmadığı, preparat və doza müayinə və analizlərdən sonra həkim tərəfindən müəyyən edilir. Özbaşına istifadə təhlükəlidir.